Yaponiya Səfirliyi 2 layihə üzrə qrant müqavilələri imzalayıb

14:15 15.02.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün “Göygöl rayonu Üçtəpə kəndində içməli su sisteminin Quraşdırılması” və “Vərəm xəstəliyinin müayinəsi üçün portatativ rentgen qurğusu ilə Təchiz Etmə” layihələri ilə bağlı QHT rəhbərləri və Yaponiyanın ölkəmizdəki səfiri Vada arasında 2 qrant müqaviləsi imzalanıb.

Səfirlikdən Hafta.az-a daxil olan məlumatda deyilir ki, “Göygöl rayonu Üçtəpə kəndində içməli su sisteminin Quraşdırılması” layihəsində həmin kəndin içməli su sistemi ilə təchiz olunmamış ərazidə təxminən 4,3 min metr uzunluğunda yerüstü boru xəttinin çəkilməsi planlaşdırılır və bu layihənin qrant məbləği təqribən 137,4 min manatdır. (Layihəni icra edəcək QHT: “Gənc Liderlər Təhsil Təlim və İnkişaf İctimai Birliyi”).

“Vərəm xəstəliyinin müayinəsi üçün portativ rentgen qurğusu ilə Təchiz Etmə” layihəsində “Fujifilm” adlı yapon şirkətinin istehsal etdiyi süni intellektlə təchiz olunmuş rentgen qurğusunun bağışlanması və bu qurğudan Azərbaycanın vərəm xəstəliyinin yayılma riskinin yüksək olan 13 bölgəsi, həmçinin məcburi köçkün və qaçqın əhalinin məskunklaşdığı ərazilərdə vərəmə yoluxma riskinin yüksək olduğu güman edilən şəxslərin müayinəsi həyata keçirilməsi planlaşdırılır. Bu layihənin qrant məbləği təqribən 169,9 min manatdır. ( Layihəni icra edəcək QHT: “Sağlamlığa Xidmət İctimai Birliyi”).

Bu gün imzalanmış müqavilələr də daxil olmaqla, Azərbaycanda “Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant Yardım Proqramı çərçivəsində bu günədək cəmi 277 qrant müqaviləsi imzalanıb və bu müqavilələrin ümumi qrant məbləği 39,5 milyon manatı keçir.

“Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı” proqramı İnsan Təhlükəsizliyi ideyasını rəhbər tutaraq, əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə, bilavasitə yerli əhalinin bəhrələnəcəyi nisbətən kiçik miqyaslı layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulan iqtisadi yardım proqramıdır. Bu günədək səhiyyə, ictimai sağlamlıq, təhsil, kənd təsərrüfatı sahəsinin inkişafına yardım prioritet xarakter daşıyıb. Bu yardımla bağlı yerli bələdiyyə və icra hakimiyyəti orqanları, qeyri-hökümət təşkilatları, təhsil, səhiyyə orqanları və digər qeyri-kommersiya qurumların müraciəti mümkündür.